Dəyirmi Masa: Azərbaycanda insan hüquqları və mətbuat azadlığı
15/01/2009
Dünyanın
aparıcı insan hüquqları təşkilatları Azərbaycanda bu sahədə vəziyyətin pisləşdiyini
deyirlər. Human Rights Watch təşkilatı
ölkədə polis işgəncələrinin, özbaşına həbslərin və azad mətbuata hücumların
davam etdiyini bəyan edib. Nüfuzlu
Freedom House təşkilatı isə Azərbaycanı yenidən azad olmayan ölkələr sırasına
daxil edib. Hesabatda separatçı Dağlıq
Qarabağ regionunda siyasi azadlıqların səviyyəsi İlham Əliyev hökumətinin idarə
etdiyi Azərbaycan ərazilərindəki azadlıq səviyyəsindən yüksək dəyərləndirilir. Bu mövzu ətrafında Amerikanın Səsinin dəyimi
masa söhbətinin qonaqları hüquq müdafiəçisi Səidə Qocamanlı, İnsan hüquqları
üzrə parlament komissiyasının sədr müavini Yevda Abramov və Yeni Nəsil
Jurnalistlər Birliyinin sədri Arif Əliyev olub.
Human
Rayts Watch-un hesabatına münasibət bildirən millət vəkili Yevda Abramov Azərbaycanla
bağlı bir sıra təşkilatların qərəzli mövqe sərgilədiyini bildirdi. Onun fikrincə ölkədə məlumat toplayan adamlar
bir qayda olaraq hökumət nümayəndələri ilə görüşmür, əvəzində qeyri-hökumət təşkilatlarının
məlumatlarına əsaslanırlar. Nəticədə Azərbaycan
haqda qeyri-obyektiv təsəvvür formalaşır.
Hüquq
müdafiəçisi Səidə Qocamanlı Azərbaycanda insan haqları və mətbuat azadlığı sahəsində
ciddi problemlərin mövcud olduğunu dilə gətirdi. Onun sözlərinə görə beynəlxalq təşkilatların
açıqladığı məlumat əsasən reallığı əks etdirir.
Belə ki, ölkədə hələ də siyasi məhbuslar qalmaqdadır və media mühitində
basqılar hiss olunur. Xanım Qocamanlı
problemin öhdəsindən gəlmək üçün Azərbaycanda müxalifət qüvvələrinin, sivil cəmiyyət
təşkilatlarının və eləcə də iqtidar nümayəndələrinin əməkdaşlıq etməyinin
vacibliyini vurğuladı. Onun fikrincə Azərbaycanda
ciddi problemlər mövcuddur və bu problemləri həll etməyin məsuliyyəti ilk növbədə
Azərbaycan vətəndaşlarının üzərinə düşür.
Yeni Nəsil Jurnalistlər
Birliyinin sədri Arif Əliyev beynəlxalq təşkilatların qərəzli olması haqda
deyilənlərlə razılaşmadı. Azadlıq qəzetinin
baş redaktoru Qənimət Zahid və başqalarının şübhəli maddələrlə həbsə salındığını önə
çəkən Əliyev reallıqların göz qarşısında olduğunu bildirdi. Müstəqil mediaya qarşı basqıların son
zamanlarda artıdığını qeyd edən cənab Əliyev habelə ölkənin milli tezliklərində
xarici radiostansiyaların yayımının dayandırılmasına toxundu. Onun fikrincə tezliklərdə yer qıtlığını
arqument kimi irəli sürən rəsmi Bakı hazırda həmin tezliklərdə başqa
stansiyaların yayımına şərait yaratmayıb.
Və ümumiyyətlə insanların obyektiv məlumat aldığı radio tezliklərin
böyük əksəriyyətində boşluq var. Arif
Əliyev Azərbaycan hökumətinin bu yönümdə qərarını mənfi dəyərləndirdi.