VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

15 Janvar 2009 

Bu gün Amerikanın Səsində:

45 dildə xəbərlər
Dəyirmi Masa: Azərbaycanda insan hüquqları və mətbuat azadlığı

15/01/2009
Azerbaijan

Dünyanın aparıcı insan hüquqları təşkilatları Azərbaycanda bu sahədə vəziyyətin pisləşdiyini deyirlər.  Human Rights Watch təşkilatı ölkədə polis işgəncələrinin, özbaşına həbslərin və azad mətbuata hücumların davam etdiyini bəyan edib.  Nüfuzlu Freedom House təşkilatı isə Azərbaycanı yenidən azad olmayan ölkələr sırasına daxil edib.  Hesabatda separatçı Dağlıq Qarabağ regionunda siyasi azadlıqların səviyyəsi İlham Əliyev hökumətinin idarə etdiyi Azərbaycan ərazilərindəki azadlıq səviyyəsindən yüksək dəyərləndirilir.  Bu mövzu ətrafında Amerikanın Səsinin dəyimi masa söhbətinin qonaqları hüquq müdafiəçisi Səidə Qocamanlı, İnsan hüquqları üzrə parlament komissiyasının sədr müavini Yevda Abramov və Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev olub.   

Human Rayts Watch-un hesabatına münasibət bildirən millət vəkili Yevda Abramov Azərbaycanla bağlı bir sıra təşkilatların qərəzli mövqe sərgilədiyini bildirdi.  Onun fikrincə ölkədə məlumat toplayan adamlar bir qayda olaraq hökumət nümayəndələri ilə görüşmür, əvəzində qeyri-hökumət təşkilatlarının məlumatlarına əsaslanırlar.  Nəticədə Azərbaycan haqda qeyri-obyektiv təsəvvür formalaşır.  

Hüquq müdafiəçisi Səidə Qocamanlı Azərbaycanda insan haqları və mətbuat azadlığı sahəsində ciddi problemlərin mövcud olduğunu dilə gətirdi.  Onun sözlərinə görə beynəlxalq təşkilatların açıqladığı məlumat əsasən reallığı əks etdirir.  Belə ki, ölkədə hələ də siyasi məhbuslar qalmaqdadır və media mühitində basqılar hiss olunur.  Xanım Qocamanlı problemin öhdəsindən gəlmək üçün Azərbaycanda müxalifət qüvvələrinin, sivil cəmiyyət təşkilatlarının və eləcə də iqtidar nümayəndələrinin əməkdaşlıq etməyinin vacibliyini vurğuladı.  Onun fikrincə Azərbaycanda ciddi problemlər mövcuddur və bu problemləri həll etməyin məsuliyyəti ilk növbədə Azərbaycan vətəndaşlarının üzərinə düşür.  

Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev beynəlxalq təşkilatların qərəzli olması haqda deyilənlərlə razılaşmadı.  Azadlıq qəzetinin baş redaktoru Qənimət Zahid və başqalarının şübhəli maddələrlə həbsə salındığını önə çəkən Əliyev reallıqların göz qarşısında olduğunu bildirdi.  Müstəqil mediaya qarşı basqıların son zamanlarda artıdığını qeyd edən cənab Əliyev habelə ölkənin milli tezliklərində xarici radiostansiyaların yayımının dayandırılmasına toxundu.  Onun fikrincə tezliklərdə yer qıtlığını arqument kimi irəli sürən rəsmi Bakı hazırda həmin tezliklərdə başqa stansiyaların yayımına şərait yaratmayıb.  Və ümumiyyətlə insanların obyektiv məlumat aldığı radio tezliklərin böyük əksəriyyətində boşluq var.  Arif Əliyev Azərbaycan hökumətinin bu yönümdə qərarını mənfi dəyərləndirdi.

E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
  Baş xəbərlər

  Başqa xəbərlər