'Freedom House'-un hesabatına Azərbaycandan reaksiyalar
By Tapdıq Fərhadoğlu Bakı 13/01/2009
Freedom House beynəlxalq hüquq müdafiə
təşkilatı Azərbaycanı “azad olmayan ölkə” elan edib. Təşkilatın illik
hesabatına görə, Azərbaycan azadlıqlar sahəsində təkcə yaxın qonşuları - qismən
azad ölkə kimi tanınmış Gürcüstan və Ermənistandan deyil, hətta Dağlıq Qarabağ
regionundan da geridə qalıb.
Hesabat Azərbaycanda birmənalı
qarşılanmayıb. Hüquq müdafiəçiləri, jurnalist təşkilatları, müxalif siyasi
partiyalar sənədi real, iqtidar isə ikili standartlı adlandırır. Hüquq
müdafiəçisi Leyla Yunus hesab edir ki, Azərbaycan həqiqətən qeyri azad ölkədir
və vəziyyət pisləşməkdə davam edir. Konstitusiyaya nəzərdə tutulan
dəyişikliklər azadlıqları bir daha məhdudlaşdırmağa yönəlib.
YAP üzvü, Milli Məclisin İnsan Haqları
daimi komissiyasının sədr müavini Yevda Abramov hesabatı real saymır. Onun
fikrincə, belə sənədlər Azərbaycana təzyiq məqsədi güdür və ölkə demokratik
azadlıqlar sahəsində daim irəliləməkdədir.
Müxalifətdə olan siyasi partiyalar isə ölkədə
azadlıqlar sahəsində vəziyyəti acınacaqlı qiymətləndirir. AXCP sədri Əli
Kərimlinin fikrincə,insanların
fundamental azadlıqlarını reallaşdırmağa belə imkanları yoxdur.
Bununla belə, cənab Kərimli Azərbaycanın
işğal altında olan Dağlıq Qarabağ regionun qismən azad region kateqoriyasına
aid edilməsini real saymır. Onun fikrincə, hərbi rejim olan yerdə azadlıqdan
danışmaq əbəsdir.
Jurnalist təşkilatları isə söz və
mətbuat azadlığı sahəsində geriləmələrin davam etdiyini deyir. Reportyorların
Azadlığı və Təhlükəsizliyi institutunun direktoru Emin Hüseyn misal kimi son
olaraq xarici radioların yerli tezliklərdə yayımının dayandırılmasını və
konstitusiyaya təklif edilən dəyişiklikləri göstərir. O 2008-ci ili söz və
mətbuat azadlığı sahəsində itirilmiş il adlandırır.